En   Ru   Az  


     
                                                                                                                                                             
                                                                                                                           
Yararlı məlumat
Atəşgah məbədi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BİNASI
Cavanşir qalası
ÇIRAQQALA
Dairəvi Nardaran qalası
Diri-baba türbəsi
Əjdərbəy məscidi
Əskipara məbədi
İsmailiyyə Sarayı
Mömünə xatun türbəsi
Qız qalası (Bakı)
Qum bazilikası
Şəki xan sarayı (Şəki)
Şirvanşahlar sarayı
Yeddi kilsə monastır kompleksi
Yararlı məlumat  »  İsmailiyyə Sarayı

İsmailiyyə Sarayı - Bakı milyonçusu Musa Nağıyev tərəfindən oğlu İsmayılın şərəfinə Qotik üslubda inşa etdirilmişdir. Sarayın memarı polşalı İ. K. Ploşko olmuşdur. Saray, əvvəlcə, Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunsa da, hazırda bu binada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.

     Bu gün elm ocağına çevrilən abidə zaman-zaman Azərbaycan tarixində baş verən faciələri də özündə yaşadıb. Azərbaycanın müstəqillik ideyaları da ilk dəfə məhz bu binada səslənib.

     “İsmailiyyə”nin tikilməsinin maraqlı tarixçəsi var. Belə ki, Ağamusa Nağıyevin oğlu İsmayıl vərəm xəstəliyinə tutulur. Bakı milyonçularının ailələrini müalicə edən həkim Varatapedov İsmayılı müayinə etdikdən sonra Musa Nağıyevə deyir ki, oğlunun vəziyyəti çox ağırdır. Əgər tez tədbir görülməsə, o ölə bilər, müalicə üçün 50 min manata ehtiyac var. Hətta həkim milyonçuya təklif edir ki, oğlunu özü İsveçrəyə aparıb, 1 il ərzində müalicə etdirib gətirəcək. Musa Nağıyev deyir ki, yalnız 10 min manat verə bilər. Söhbət bununla da bitir. Lakin İsmayılın halının gün-gündən pisləşdiyini görən milyonçu son anda onun müalicəsi üçün 50 min manat verməyə razı olur. Lakin bu gecikmiş bir addım olur. Belə ki, həkim xəstəni yoxlayandan sonra xəbər verir ki, iş-işdən keçib, indi onu heç 100 min manatla da müalicə etmək mümkün deyil. Hacı Zeynalabdin Tağıyevin xahişi ilə həkim Məhəmməd Rza Vəkilov İsmayılı İsveçrəyə aparır. Müalicədən sonra onun halı nisbətən yaxşılaşsa da, çox yaşamır. Ağamusa Nağıyevə oğlunun xatirəsinə bina tikdirmək təklifi isə Hacı Zeynalabdin Tağıyevdən gəlir.

     Binanın memarı Ploşkonun etirafına görə, onun ən böyük arzularından biri Bakının mərkəzində, Azərbaycanın milli ornamentləri ilə bəzədilmiş əzəmətli binanın layihəsini işləmək imiş. Arzusuna çatan memar Ağamusa Nağıyevə öz minnətdarlığını bildirir. Binanın divarlarına vurulmuş naxışlar tamaşaçıları valeh edir. Venesiya qotikası üslubunda tikilmiş dəbdəbəli saray çox plastikdir və yaxşı işlənib. Binanın yuxarısında ilk vaxtlar Qurani-Kərimdən ayələr olub. Lakin bolşeviklər Azərbaycanı işğal etdikdən sonra həmin yazıları silib, məhv etmişlər. Tikilinin əsas arxitektura elementləri birinci mərtəbədə yerləşir. Bakının tarix-memarlıq abidələri sırasında bu bina özünə xüsusi yer tutub.

      31 mart 1918-ci ildə bina ermənilər tərəfindən yandırıldı. Amma təsəlliverici məqam odur ki, “İsmailiyyə”nin arxivi yandırılsa da, özülünü məhv edə bilmədilər. “İsmailiyyə”nin yandırılması Musa Nağıyevin ağır iztirablarına səbəb olur. Onun oğlu İsmayılın şərəfinə sarayın foyesində ucaltdığı möhtəşəm heykəl də ermənilər tərəfindən məhv edilir. Bina yalnız cümhuriyyət dövründə bərpa olundu.

     Saray Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qorunur.